Elnarə Qasımovanın saxlanıldığı deyilir


Jurnalist Elnarə Qasımovanın saxlanıldığı deyilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesabında məlumat yayıblar.
Ona qarşı qaçaqmalçılıq ittihamı irəli sürüldüyü bildirilir.
Qeyd edək ki, dünən jurnalist Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldığı barədə məlumat yayıb:
“Sabah, 13 yanvar, 17:00-da “Abzas Media” işi ilə bağlı yenidən BŞBPİ-yə çağırılmışam”.
Xatırladaq ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb. Günorta isə “Abzas Media”nın ofisində axtarış aparılıb. Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.
Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb. Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.
Noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də Hafiz Babalı tutulub.
Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top