
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün, yanvarın 11-də Estoniyanın paytaxtı Tallinə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna “X” sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, Zelenski ilə birlikdə Ukrayna xarici işlər naziri Dmitri Kuleba da Estoniyanın paytaxtına səfər edib.
Zelenski Estoniyada Prezident Alar Karis, parlament spikeri Lauri Hussar və baş nazir Kaya Kallasla görüşəcək. O, həmçinin parlament qarşısında çıxış edəcək.
Qeyd edək ki, Zelenski üçün Estoniyaya səfər onun Ukrayna Prezidenti olduğu müddətdə ikinci səfər olacaq. Zelenski prezident kimi ilk dəfə Estoniyaya 2019-cu ilin payızında səfər edib.
Xatırladaq ki, Volodimir Zelenski çərşənbə günü, yanvarın 10-da Litvanın paytaxtı Vilnüsə səfər edib. O, Vilnüsdə ölkə başçısı ilə yanaşı, Litva hökuməti və parlamentinin rəhbərləri ilə də görüşüb.
Ukrayna liderinin Litva və Estoniyaya səfərindən sonra Latviyaya səfəri planlaşdırılır.