
Azərbaycanlı jurnalist, “Nə? Harada? Nə vaxt?” teleşousunun keçmiş oyunçusu Rövşən Əsgərov Rusiyada cərimələnib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, Moskvanın Savelovski Məhkəməsi keçmiş oyunçunu 50 min rubl (təxminən 560 ABŞ dolları) cərimələyib.
“Məhkəmə Əsgərovu Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 4-cü hissəsində (xarici agent tərəfindən müvafiq işarələmə olmadan məlumat materiallarının hazırlanması) nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilərək ona 50 min rubl məbləğində cərimə kəsib”, - məlumatda deyilir.
Qeyd edək ki, 2023-cü ilin avqust və sentyabr aylarında Əsgərov sosial şəbəkələrdə dərc olunan yazılara görə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsinə (Xarici agentin fəaliyyəti qaydasının pozulması) əsasən iki dəfə 40 min rubl məbləğində cərimə olunub.
Xatırladaq ki, Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agentlər siyahısına əlavə edilib. Bundan əlavə, o, nasizmin reabilitasiyası işində qiyabi həbs edilib.