Şimali Koreyanın sahil artilleriyası Cənubi Koreyanın Sarı dənizdə yerləşən adalarına 200-dən çox mərmi atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Cənubi Koreyalı mülki şəxslər və hərbçilər arasında itki yoxdur. Mərmilər Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinin şimalına düşüb. Agentlik Cənubi Koreya hərbçilərinin cavab tədbirləri gördüklərini bildirib. Həmçinin, hərbçilərin tələbi ilə Yonpxyondo və Pennyondo adalarında evakuasiya elan edilib.
Qeyd edək ki, son dəfə 2010-cu ilin 23 noyabrında Koreya Respublikasının nəzarəti altında olan Yonpxyondo adası ərazisində Şimal və Cənub arasında artilleriya mübadiləsi baş vermiş və bu mübadilə itkilərə səbəb olmuşdu.