
“Sosial Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibi “Auto Mark UA CO” MMC (VÖEN- 1905612901) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, qalib şirkət STM-yə məxsus nəqliyyat vasitələrinin – “Toyota Camry”, “Honda Pilot” və “Ford Custom” markalı avtomobillərin cari təmirini həyata keçirəcək və qarşılığında 14 min 865 manat alacaq.
Məlumat üçün qeyd edək ki, STM-yə məxsus nəqliyyat vasitələrini təmir edəcək şirkət yeni yaranıb. “Auto Mark UA CO” MMC 2 may 2023-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Suraxanı rayonu Əmircan STQ, keçid 1849, ev 2, m. 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi Qasımov Ayaz Akif oğludur.
“Auto Mark UA CO” MMC qeydiyyata alınan zaman qanuni təmsilçisi Ələkbərova Rahilə Tahir qızı olub. “Auto Mark UA CO” MMC-dən başqa may ayında Ələkbərova Rahilə Tahir qızının qanuni təmsilçi olduğu və Suraxanı rayonu Əmircan STQ, keçid 1849, ev 2, m. 53 ünvanında daha 2 şirkət qeydiyyata alınıb. Bu şirkətlərin də (“Napco Group” MMC və “Cremaland PTE AS CO” MMC) qanuni təmsilçiləri sonradan dəyişdirilib.
May ayında qeyd olunan ünvanda - Suraxanı rayonu Əmircan STQ, keçid 1849, ev 2, m. 53 ünvanında eyni şəxsin (Əliyev Hüseyn Yasəf oğlu) qanuni təmsilçi olduğu daha 5 MMC də dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, adları qeyd olunan şirkətlər barəsində açıq mənbələrdə heç bir məlumat mövcud deyil. Şirkətlərin nə veb-saytları, nə sosial şəbəkə hesabları mövcuddur. Qısa müddətdə 3 tenderin qalibi olan “Auto Mark UA CO” MMC-nin də hansı təcrübəyə və peşəkarlığa sahib olduğu da bilinmir.
Qeyd edək ki, tenderin qalibi “Auto Mark UA CO” MMC daha əvvəl başqa dövlət qurumları üçün elmi-tədqiqat işləri də görüb.
Xatırladaq ki, STM tərəfindən daha əvvəl də bu cür müəmmalı tender müsabiqələri keçirilib.
***
STM-in Mətbuat Xidməti məsələ ilə bağlı Yeniavaz.com-a qurumun rəsmi mövqeyini tədim edib.
“Tender və kotirovka prosedurları “Dövlət Satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinin tələblərinə uyğun olaraq, satınalma prosedurları elektron formada, yalnız portal vasitəsilə avtomatik həyata keçirilir. Qanunun 3.9-cu, 14.2.7-ci, 18-ci, 36.3-cü və 38.11-ci maddələrinə əsasən portalda yerləşdirilən məlumatlar, habelə qanunun 15.2-ci, 24.2-ci, 26.1-ci və 45.4-cü maddələrinə əsasən dərc edilən elanlar bütün şəxslər üçün açıqdır və istənilən hüquqi şəxs orada iştirak edə bilər.
Qanunun 17.1.4.-cü maddəsinə əsasən şərtlər toplusunun hazırlanması, təchizatçıların uyğunluq göstəricilərinə dair tələblərin şərtlər toplusunda ətraflı izah edilməsi, bütün təchizatçılara eyni dərəcədə şamil olunması və portalda yerləşdirilməsi bilvavasitə, sorğunu həyata keçirən qurumun hüquqi öhdəliyidir, qapalı xarakter daşımır, şəffafdır, ictimaiyyətə açıq olaraq elektron formada müvafiq portalda yerləşdirilir. Əgər hər hansı şərtə uyğun olmayan qurum, qeyri-profilli təşkilat belə iddianı həyata keçirirsə, sistem tərəfindən avtomatik müraciəti və sənədləri qəbul edilmir”, - qurumdan verilən məlumatda bildirilir.
STM-in 2 il əvvəl tikilən binası yenidən təmir olunur
Elnur Əli