
Yaponiyada bir sıra güclü zəlzələlərin təsirləri səbəbindən ən azı 25 daxili reys təxirə salınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yaponiya aviadaşıyıcıları məlumat yayıb.
Qeyd olunur ki, söhbət yeraltı təkanların episentrində olan İşikava və Niiqata prefekturalarının şəhərlərini birləşdirən uçuşlardan gedir.
İşikava və Niiqata prefekturalarının bəzi magistral və yollarında yol örtüyünün zədələnməsi qeydə alınıb. Eyni prefekturalarda sürətli yolların bəzi hissələrində nəqliyyatın hərəkəti dayandırılıb.
Xatırladaq ki, bu gün Yaponiyada 30-dan çox müxtəlif gücdə zəlzələ baş verib. Ən güclü zəlzələ 7,6 bal olub. Yaponiya Milli Meteorologiya İdarəsinin mütəxəssislərinin vurğulayıb ki, afterşoklar bir həftə davam edəcək və yaxın 2-3 gün ərzində maqnitudası 7-dən yuxarı olan təkrar güclü zəlzələlər baş verə bilər. Hazırda təxminən hər yarım saatda bir dəfə Yaponiyanın eyni bölgəsində hiss edilən zəlzələlər baş verir. Ən azı 10 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ölkənin mərkəzi hissəsində 35 mindən çox ev işıqsız qalıb.