
Belqoroda endirilən zərbələr nəticəsində ikisi uşaq olmaqla 14 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, 15-i uşaq olmaqla 108 nəfər xəsarət alıb.
Ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ukrayna Belqorodu kasetli raketlərlə vurub:
“Ukrayna Belqorodu kaset sursatında olan iki Vilxa raketi, həmçinin Çexiya istehsalı olan Vampire MLRS raketləri ilə vurub”.
Həmçinin Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov ölkə Prezidenti Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücumu barədə məlumat verdiyi bildirilir. Putinin göstərişi ilə nazir Mixail Muraşkonun başçılıq etdiyi Səhiyyə Nazirliyinin komandası Belqoroda uçub.
***17:52
“Bu gün günorta saatlarında Rusiyanın Belqorod şəhərinin mərkəzi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
Qubernator həmçinin şəhərdə raket təhlükəsi sisteminin işə salındığını bildirib və sakinləri sığınacaqlara getməyə çağırıb.
Ən son məlumata görə, ikisi uşaq olmaqla 3 nəfərin öldüyü, 7 nəfərin yaralandığı bildirilir.
Xatırladaq ki, ötən gün axşam saatlarında da şəhər ətrafının hədəfə alındığı iddia edilib. Rusiya Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə qüvvələrinin reaktiv yaylım atəş sistemindən atılan 13 mərmini vurduğunu bildirib. Hücum nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Rəsmi olaraq Ukrayna zərbələr ilə bağlı şərh verməyib. “RBC-Ukrayna” mənbələrə istinadən yazır ki, Belqoroda hücum Ukraynanın təhlükəsizlik və müdafiə qüvvələri tərəfindən həyata keçirilib. Zərbənin hərbi hədəfləri vurduğu bildirilir. Nəşrin həmsöhbəti bildirib ki, bunlar Dnepr, Xarkov, Odessanın vəhşicəsinə atəşə tutulması və dinc əhalinin qətlə yetirilməsinin cavabıdır.
Xatırladaq ki, ötən gün Rusiya Ukraynaya kütləvi zərbələr endirib. Zərbələr nəticəsində 26 nəfərin öldüyü deyilir.