
Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi (parlamentin daimi orqanı) Donq Tszyunun müdafiə naziri təyin edilməsinə səs verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
“Daimi komitənin 14-cü çağırış yeddinci iclası dekabrın 29-da günortadan sonra Pekində Böyük Xalq Zalında başa çatıb. Səsvermədən sonra iclas Donq Tszyunun müdafiə naziri təyin edilməsi barədə qərar qəbul edib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Donq Tszyun 2021-ci ildən Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsini tutub. 2017-ci ildə isə o, Çin Xalq Azadlıq Ordusunun Cənub Döyüş Komandanlığının müavini vəzifəsini icra edib.
Xatırladaq ki, oktyabrın 24-də Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi Çinin müdafiə naziri Li Şanfunun tutduğu vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul etmişdi. Bu vaxta qədər general iki aya yaxın idi ki, ictimaiyyət qarşısına çıxmamışdı. Çinin müdafiə naziri sonuncu dəfə avqustun 29-da Pekində Sülh və Təhlükəsizlik üzrə 3-cü Çin-Afrika Forumunda çıxış edərkən ictimaiyyət qarşısında görünmüşdü.
Tətbiqimizi yükləyə bilərsiniz