
“Disney” cizgi filmlərinin qəhrəmanı “Mikki Maus”un müəllif hüquqları 2024-cü il yanvarın 1-dən ləğv ediləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, bu qərardan sonra “Mikki Maus” obrazından bütün dünya üzrə rejissorlar, ssenaristlər və rəssamlar pulsuz istifadə edə biləcəklər.
Nəşrin məlumatına görə, söhbət ilk dəfə 1928-ci ildə çəkilmiş “Steamboat Willie” (“Villinin paraxodu”) adlı səssiz qısametrajlı filmdə görünən personajın ağ-qara variantından gedir.
Disneyin təzyiqi ilə bir neçə dəfə dəyişdirilən və hətta istehza ilə “Mikki Mausun müdafiəsi haqqında qanun” adlandırılan Amerika müəllif hüquqları qanununa görə, bir personajla bağlı inhisar ən çox 95 il davam edə bilər və bu müddət artıq bitmək üzrədir.
Dyuk Universitetində İctimai Mülkiyyətin Öyrənilməsi Mərkəzinin direktoru Cennifer Cenkins “Variety”yə müsahibəsində bunu böyük hadisə adlandırıb.
“Bütün müəllif hüquqları cəmiyyəti bunu böyük həyəcanla gözləyirdi və nəhayət, bu baş verdi”, - Cenkins deyib.