
Rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki 3 saylı “Qütb canavarı” xüsusi rejimli cəzaçəkmə koloniyasından ilk məktubunu yazıb.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, o, dəstəyə görə hər kəsə təşəkkür edib və hər şeyin yaxşı getdiyini bildirib.
Navalnı 20 gün davam edən və “olduqca yorucu” olan xüsusi rejimli koloniyaya köçürülməsi ilə bağlı təfərrüatları açıqlayıb.
“Məni 23 dekabr şənbə günü axşam gətirdilər. Və elə ehtiyatla, elə qəribə bir marşrutla (Vladimir - Moskva - Çelyabinsk - Yekaterinburq - Kirov - Vorkuta - Xarp) aparddılar ki, yanvarın ortalarına qədər məni burada kiminsə tapacağını gözləmirdim. Ona görə də, dünən kameraların qapıları “Sizin vəkiliniz var” sözləri ilə açılanda çox təəccübləndim”, - deyə Navalnı yazıb.
O, koloniyada saxlanma şəraitindən də danışıb. Bildirib ki, xüsusilə, gəzinti üçün onu döşəməsində qar olan qonşu kameraya aparırlar və kamerasının pəncərəsindən çox yaxın məsafədə yalnız hasar görünür.
“Pəncərədən bayıra baxıram, əvvəlcə gecə, sonra axşam, sonra yenə gecə”, - deyə müxalifətçi əlavə edib.
Hazırda Navalnının yerləşdiyi Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki 3 nömrəli “Qütb canavarı” koloniyasında vaxtilə YUKOS-un ortaq sahiblərindən biri Platon Lebedev, habelə ukraynalı rejissor və fəal Oleq Sentsov də saxlanılıb.
Qeyd edək ki, Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki 3 saylı islah koloniyası cəza çəkmək üçün ən ağır cəzaçəkmə müəssisələrindən biri hesab olunur. Bu, Arktika Dairəsindən kənarda, daimi donmuş şəraitdə xüsusi rejimli koloniyadır.
Əvvəllər Navalnı Vladimir vilayətindəki 6 saylı ciddi rejimli koloniyada olub. Dekabrın 6-da vəkillərə artıq onunla görüşə icazə verilməyib.
Xatırladaq ki, Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb. O, avqust ayında ekstremist fəaliyyətdə ittiham edilərək xüsusi rejimli koloniyada 19 il müddətinə azadlıqdan məhrum edilib.
Navalnı özünü günahsız hesab edir və hökmün siyasi motivli olduğunu bildirir. İnsan haqları təşkilatları onu “siyasi məhbus” kimi tanıyır.
Tətbiqimizi yükləyə bilərsiniz