
Suriyanın paytaxtı Dəməşqdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - İran Silahlı Qüvvələrinin elit bölmələri) generalı Razi Musəvi İsrailin hava hücumu nəticəsində ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, o, İran və Suriya arasında hərbi əməkdaşlığı koordinasiya edib.
İran dövlət televiziyası Musəvinin ölüm xəbərini yayıb. Ölkənin Dəməşqdəki səfiri bildirib ki, Musəvi işdən evə qayıdarkən raketlə öldürülüb - o, səfirliyin əməkdaşı kimi siyahıya alınıb.
İslam İnqilabı Keşikçiləri Korpusu rəsmi bəyanatında sionist rejimin bu cinayətin əvəzini ödəyəcəyi bildirilir. İran Xarici İşlər Nazirliyi Tehranın lazımi cavab tədbirləri görmək hüququnu özündə saxladığını vurğulayıb.
İsrail ordusu insidentlə bağlı rəsmi açıqlama verməyib.