“Şikayətimiz təmin olunmadı” – Vəkil


Dekabrın 25-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və onların ailə üzvlərinin bank hesablarına qoyulmuş həbslə bağlı şikayətə baxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Abzas Media” məlumat yayıb.
Bildirilir ki, Vəkil Zibeydə Sadıqovanın nəşrə verdiyi məlumata görə, iş üzrə keçirilən prosesdə onların Xətai Rayon Məhkəməsinin qərarından verdikləri şikayət təmin olunmayıb:
“Biz məhkəmədə bildirdik ki, hesablara qoyulan həbslərlə bağlı məhkəmə qərarı əsaslandırılmayıb. Avropa Məhkəməsinin Azərbaycanla bağlı bu işə oxşar işlər üzrə qərarları var. Bu qərarlarda da göstərilir ki, cinayət işinin başlaması ona əsas vermir ki, cinayət işində müxtəlif formada adı keçən şəxslərin bank hesablarına həbs qoyulsun. Son olaraq bildirdik ki, bu şikayətdə elə şəxslər var ki, onların pensiya hesablarına da həbs qoyulub. Bizim bu şikayətlərimizi Sevinc Vaqifqızı və Ülvi Həsənov da müdafiə etdi. Prokurorluğun nümayəndəsi isə bildirdi ki, istintaq gedir, sonradan məlum olsa ki, hansısa hesabların iş üzrə əhəmiyyəti yoxdur, həbslər götürüləcək. Məhkəmə bizim şikayətimizi təmin etmədi, Xətai Rayon Məhkəməsinin həbs qərarını qüvvədə saxladı”.
Xatırladaq ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.
Günorta isə “Abzas Media”nın ofisində axtarış aparılıb.
Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.
Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb.
Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top