
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.
Yeniavaz.com xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb:
“Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir”.
Su anbarında görülən işləri əks etdirən videoçarx təqdim olunub və daha sonra dövlət başçısı Xaçınçay su anbarını işə salıb.
Qeyd edilib ki, texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.




