Rusiya MSK Duntsovanın təşəbbüs qrupunu qeydə almaqdan imtina etdi


Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası jurnalist Yekaterina Duntsovanın prezidentliyə namizədliyinin irəli sürülməsi üzrə təşəbbüs qrupunu qeydə almaqdan imtina edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Duntsovanın etibarlı adamı tərəfindən idarə olunan “Ateo Breaking” teleqram kanalı məlumat yayıb.
Belə ki, Mərkəzi Seçki Komissiyası Duntsovanın namizədliyin irəli sürülməsi üçün zəruri olan imzaları toplamağa imkan verməyib.
Bildirilib ki, MSK təşəbbüs qrupunun iclasında yol verilmiş səhvlərə görə qeydiyyatdan imtina edib:
“Komissiya namizədlik sənədlərində 100 səhv tapıb, məsələn, onlardan birində “Valerievna” əvəzinə “Valeriyevna” yazılıb. Həmçinin MSK imzası pişiyi xatırladan təşəbbüs qrupunun üzvlərindən birinin imzasını da şübhəli hesab edib”.
Yekaterina Duntsova MSK-nın qərarından Rusiya Federasiyasının Ali Məhkəməsinə şikayət veriləcəyini bildirib. Duntsova həmçinin “Yabloko” partiyasını onu prezidentliyə namizəd kimi irəli sürməyə çağırıb, çünki təşəbbüs qrupu ikinci iclas keçirə bilməyəcək.
Xatırladaq ki, Yekaterina Duntsova noyabrın 16-da prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib. Duntsova öz qərarını bununla izah edib ki, son on ildə ölkə yanlış istiqamətdə gedir. Duntsovanın saytında deyilir ki, o, hərbi əməliyyatların dayandırılması, demokratik islahatlar və siyasi məhbusların azad edilməsinin tərəfdarıdır.
Duntsova prezidentliyə namizədliyini irəli sürmək planlarını elan etdikdən az sonra onu prokurorluğa çağırıblar və VTB Bank onun adına köçürmələri bloklayıb. Duntsovanın təşəbbüs qrupunun qeydiyyatı haqqında protokolu təsdiq edən notarius Rusiya Federasiyasının Ədliyyə Nazirliyindən tərəfindən yoxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top