
ABŞ və Venesuela arasında məhbus mübadiləsi olub.
Yeniavaz.com ABŞ mətbuatına istinadla xəbər verir ki, prosesdə Venesuela Prezidenti Nikolas Maduroya yaxınlığı ilə tanınan iş adamı Aleks Saab 10 Amerika vətəndaşı ilə dəyişdirilib.
Ağ Evdən verilən açıqlamaya görə, ABŞ və Maduro administrasiyası arasında əldə olunan razılaşmaya əsasən Venesuelada həbsdə olan 10 amerikalı azad edilib. Ağ Ev, həmçinin ABŞ-də haqqında istintaq aparılan Leonard Qlen Fransis adlı malayziyalı iş adamının da ABŞ-yə ekstradisiya edildiyini açıqlayıb.
Maduro isə Saab ilə bağlı mətbuat konfransı keçirib və sözügedən razılaşmadan məmnun olduğunu bildirib.
İş adamı Karakasda mərasimlə qarşılanıb.
Qeyd edək ki, ABŞ-də Aleks Saaba qarşı korrupsiya ittihamı ilə iddia qaldırılıb və prokurorluq iş adamı barəsində müxtəlif cinayətlərə görə ittiham aktı hazırlayıb. Saab ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
ABŞ administrasiyası uzun müddətdir ki, Maduro administrasiyasının legitimliyini tanımadığını bəyan edir və müxalif Xuan Quaydonu tanıdığını bildirirdi. İki ölkə arasında münasibətlər son həftələrdə yumşalmağa başlayıb və Maduro 2024-cü ildə ölkəsində müstəqil seçkilər keçirəcəyinə söz verib.