
Ümid Partiyasının 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı partiyanın sədri İqbal Ağazdə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, Ümid Partiyası 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərində hazırki Preziden İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir.
“Ümid Partiyası heç zaman seçicilərinə və vətəndaşlarımıza münasibətdə qeyri-səmimi olmadı.
İlham Əliyevin torpaqlarımızı işğaldan azad edərək 200 illik bir təhdidə son qoyması ölkə seçiciləri içərisində onun kifayət qədər yüksək reytinqini formalaşdırmışdır. Biz vətəndaşlarımız, seçicilərimiz ilə birlikdəyik.
Ölkə daxilindəki problemlərin həlli istiqamətində mübarizə və fəaliyyətimizi, prinsip və düşüncələrimizi yenə də ardıcıl və sistemli davam etdirəcəyik. Lakin bu mərhələ ölkə suverenliyi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həlledici mərhələdir. Başladığı işi uğurla sona çatdırması üçün bu seçkidə iddia və istəklərimizdən, şəxsi və partiya mənafelərimizdən daha çox Azərbaycanımızı düşünərək, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyirik”, - məlumatda deyilir.