Sosial şəbəkələrdə bir nəfərin, onda işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək şəxslərin siyahısı olmasına dair iddiasına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəsmi münasibət bildirib.
Qurumdan Yeniavaz.com-a verilən məlumatda deyilir ki, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi ilə bağlı hər bir məlumat Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi saytında yerləşdirilir və sosial media hesablarında müntəzəm paylaşılır.
“Təəssüf ki, bəzi şəxslərin sosial media hesablarında Dövlət Komitəsinin səlahiyyətlərinə aid olan məsələlər barədə həqiqətə uyğun olmayan, yalan məlumatların yayılması hallarına rast gəlinir. Bu günlərdə sosial mediada bir nəfər iddia edib ki, onda işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək şəxslərin siyahısı var.
Belə məlumatların məcburi köçkünlər arasında çaşqınlıq yarada biləcəyini nəzərə alaraq bir daha bildiririk ki, vətəndaşlar işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə ilə bağlı bütün məsələlərə dair məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməklə dəqiqləşdirə bilərlər”.