“Üstümdə narkotik olmayıb, “Bandotdel”də döyüb qol çəkdiriblər” – Yenilənib


Həbsdə olan meyxanaçı Mahir Qonşuyev təqsirsiz olsa da, 6 aydır həbsdə olduğunu deyir.
Yeniavaz.com
“Azadlıq Radio”suna istinadən xəbər verir ki, bu barədə o, dekabrın 12-də məhkəmədəki ifadəsində danışıb.
O, narkotik ittihamını rədd edir və bu ittihamın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) üzərinə qoyulduğunu bildirir.
M.Qonşuyevin 39 yaşı var və indi Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Dekabrın 12-də məhkəmədə öncə prokuror ittiham aktını elan edib. Orada yazılıb ki, meyxanaçı iyunun 6-da Azadlıq prospektində saxlanılıb və “Bandotdel”də onun üstündən 3.8 qram narkotik tapılıb.
Prokuror M.Qonşuyevin daha öncə də məhkum olunduğunu sözlərinə əlavə edib. Ona 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə külli miqdarda narkotik ittihamıyla 8 il 6 ay həbs cəzası kəsilibmiş. Sonradan bu müddət 7 ilə endirilibmiş.
Özünü təqsirli bilmədiyini deyən meyxanaçı əvvəllər narkotik istifadəçisi olduğunu etiraf edib, ancaq həbsdən çıxandan sonra bu pis vərdişdən əl çəkdiyini söyləyib. Onun sözlərinə görə, ittiham aktında heç tutulduğu yer də düzgün göstərilməyib:
“Həmin gün “Çanaqqala” restoranına dəvət eləmişdilər. Prodüserim Kamil Mirzəliyevlə birlikdə oradakı məclisə gedirdik. Liftdən çıxanda ikimizi də “banditizm”in işçiləri saxladı, idarəyə apardılar. Sonradan prodüserimi buraxdılar”.
İstər saxlanılıb idarəyə aparılanda, istərsə idarədə fiziki və psixoloji təzyiqlərə məruz qaldığını vurğulayan M.Qonşuyevin sözlərinə görə, hazır ifadəni gətirib, onu imza atmağa məcbur ediblər:
“Təhqir eləyirdilər, psixoloji təzyiq göstərirdilər. Başıma yumruqla, kürəyimdən təpiklə elə vururdular... Hazır ifadəni gətirdilər. Elə sözlər deyirdilər ki, qol çəkməyə bilməzdim”.
O, hakimlərin nəzərinə çatdırıb ki, həbsindən öncə bir neçə dəfə polis idarəsinə çağrılaraq, kriminal mövzudakı meyxanalarını yığışdırması tələb olunmuşdu:
“Mən getdiyim məclislərdə də polislər, rəislər olub. Heç bir cinayət törətməmişəm. Bu da mənim sənətimdir, pulum ondan çıxır, ona görə meyxana deyirdim...”.
M.Qonşuyevə Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsilə ittiham verilib. Bu maddənin sanksiyasında 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

***16:08
“Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyev məhkəmədə əvvəllər narkotikdən istifadə etdiyini etiraf edib.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan baxış iclasında özünü təqsirli bilməyib.
Prokuror Orxan Kəngərlinin elan etdiyi ittiham aktına əsasən, təqsirləndirilən şəxs 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Şirvan Apellyasiya Məhkəməsinin 2017-ci il qərarı ilə cəzası 8, Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il qərarı ilə cəzası 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilib.
Onun məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,818 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 145 saylı ünvanın qarşısına daşıyıb.
Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Mshir Qonşuyev Mahir bu ilin iyununda paytaxtın Binəqədi rayonunda saxlanılıb.
O, baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı cibindən 1 ədəd bükümdə külli miqdarda 3,818 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Məhkəmədə ifadə verən M.Qonşuyev ona qarşı elan edilən ittihamla özünü təqsirli bilməyib: “Əvvəllər narkotikdən istifadə etmişəm, lakin həbs olunandan sonra bu pis vərdişlərdən uzaq durmuşam. Həbs olunmamışdan qabaq məni bir neçə dəfə polis idarəsinə dəvət edib profilaktik söhbətlər aparılmışdı. Məndən kriminal və pis vərdişlərə səsləyən mahnı və meyxanaları oxumamağım tələb olunmuşdu.
İyunun 6-sı “Hollivud” restoranına məclisə dəvət edildim. Prodüserim Kamil Mirzəliyev də yanımda idi. Liftdən çıxanda hər ikimizi saxlayıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. Prodüserimin ifadəsi alınandan sonra sərbəst buraxıldı”.
Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib.
Qeyd edək ki meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin, onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən olunub.
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top