
Fələstinin HƏMAS hərəkatı ilə İsrail hakimiyyəti arasında yeni məhbus mübadiləsi sazişi üzrə danışıqlar növbəti həftə başlaya bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı fələstinli mənbəyə istinadən məlumat verib.
“Gələn həftə məhbuslarla bağlı yeni razılaşma barədə ciddi danışıqların başlanacağını gözləyirik”, - mənbə deyib.
Mənbənin sözlərinə görə, Qəzza zolağında yeni atəşkəs razılaşmasının nəbzi hiss olunmağa başlayıb, lakin danışıqların özü hələ başlamayıb.
“HƏMAS tam atəşkəs tələb etdi, ancaq yeni şərtlərlə humanitar atəşkəsə də qapını bağlamadı”, - mənbə əlavə edib.
Qeyd edək ki, noyabrın 22-də HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə İsraillə Qəzza zolağında humanitar atəşkəsə dair razılığa gəldiyini və noyabrın 24-də qüvvəyə mindiyini bəyan etmişdi.
Dekabrın 1-də səhər saatlarında İsrail ordusunun mətbuat xidməti HƏMAS-ın İsrail ərazisinə atəş açaraq, atəşkəsi pozduğunu, buna cavab olaraq hərbçilərin anklavda döyüşləri bərpa etdiyini açıqlamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz