Paytaxtın Suraxanı rayonunda polis əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı Yeni Günəşli və Zığ qəsəbələrində baş verən oğurluq hadisələrinin üstü açılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Paytaxt sakinlərindən biri avtomobilindən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məlumat verib. Bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Mehralıyev və qohumu Zamin Mehralıyev saxlanılıblar.
Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində avtomobillərin şüşələrini qıraraq maqnitofon, həmçinin digər qiymətli əşyalar oğurlayan Əli Səfərov və Zığ qəsəbəsində yerləşən obyektlərdən birindən 2500 manat dəyərində qapı, pəncərə və dəmir avadanlıqlar oğurlayan əvvəllər məhkum olunmuş Əhməd Cəfərov saxlanılıb.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həmçinin son bir-neçə gündə əhali ilə aparılan profilaktik söhbətlər nəticəsində Suraxanı rayon sakinlərində saxlanılan 5 ədəd müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri polisə təhvil verilib.