
Nümayəndəsi Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan olan Əbu-Dabinin hakim sülaləsi 2023-cü ildə dünyanın ən varlı ailələri reytinqində birinci yeri tutub.
Yeniavaz.com xəbər verir ki, “Bloomberg” məlumat yayıb. Məlumata görə, onun sərvəti 305 milyard dollardır.
İkinci yeri “Walmart” mağazalar şəbəkəsinin sahibi olan Uolton ailəsi tutub. “Bloomberg” onun sərvətini 259,7 milyard dollar qiymətləndirir.
“Hermes” moda evini quran və ona sahib olmaqda davam edən Hermes ailəsi isə 150,9 milyard dollarla reytinqdə üçüncü yerdədir.
Dördüncü yerdə “Mars” şirkətinin sahibi olan Mars ailəsi qərarlaşıb. Qətərdə hakimiyyətdə olan Əl Tani ailəsi isə beşinci yeri tutub.
Reytinqdə həmçinin Səudiyyə Ərəbistanının Al Saud hakim sülaləsi, “Thomson Reuters” media şirkətinin səhmlərinin 69%-nə sahib olan Tomson ailəsi, həmçinin, BMW-nin səhmlərinin təxminən yarısına sahib olan Kvandt ailəsi də yer alıb.
Bundan əlavə, siyahıya “Hyatt” otellər şəbəkəsinə sahib olan Pritsker ailəsi və “Auchan” supermarketlər şəbəkəsinə sahib olan Mulye ailəsi də daxil edilib.