
İsrailin iqtisadiyyat naziri Nir Barkat Benyamin Netanyahunun “Likud” partiyasında 18 illik liderliyinə son qoymaq istəyir.
Yeniavaz.com İsrailin “Kan” telekanalına istinadla xəbər verir ki, partiyanın dəyişikliyə ehtiyacı olduğunu qeyd edən Barkat, müharibədən sonra partiya liderliyinə namizəd olacağını bildirib.
Belə ki, “Likud” fəalları qarşısında çıxış edən Barkat bir daha Netanyahunu dəstəkləməyəcəyini bildirib:
“Müharibədən sonra xalqın yanına qayıtmalı və onun etimadını qazanmalıyıq. “Likud”un dəyişməyə ehtiyacı var. Mən bir təqvimə görə hərəkət edirəm və bu təqvim tamamlanmaq üzrədir”.
İsrail mediası, həmçinin Barkatın namizəd olmaq niyyətini dəfələrlə bəyan etdiyini və Netanyahu istefa verməsə belə, onun liderlik yarışına qoşulacağını bildirib.
Qeyd edək ki, Barkat daha əvvəl də partiya liderliyi yarışına qoşulmaq istədiyini, ancaq bunu Netanyahu siyasətdən getməyə qərar verdikdən sonra etmək istədiyini demişdi.
Əvvəllər texnologiya sahəsində işləyən milyonçu Barkat daha əvvəl Qüds bələdiyyə sədri vəzifəsini də icra edib.
Xatırladaq ki, oktyabrın 7-də İsrail-HƏMAS münaqişəsinin kəskinləşməsindən sonra Benyamin Netanyahu hökumətinə qarşı tənqidlər kəskin şəkildə artıb. İsraildə aparılan son sorğular göstərir ki, bu gün seçki olsa, koalisiyanın yerlərinin sayı 64-dən 41-ə, “Likud”un yerlərinin sayı isə 32-dən 18-ə düşəcək.
Tətbiqimizi yükləyə bilərsiniz