
Qəzza zolağında İsrail qüvvələrinin anklavı atəşə tutması və bombalaması nəticəsində yaralanan 7 minə yaxın fələstinlinin vəziyyəti ağırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi öz sosial şəbəkə hesabında məlumat verib.
O, əlavə edib ki, anklavın şimal hissəsində 800 min insanın tibb müəssisələrinə çıxışı yoxdur və onlar tibbi yardım almaq imkanından məhrumdurlar.
Öz növbəsində, Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi qeyd edib ki, Qəzzada səhiyyə sisteminin demək olar ki, tamamilə məhv olması, lazımi dərman və ya xüsusi avadanlıqların olmaması səbəbindən İsrailin hücumları nəticəsində yaralananların 60%-nin Fələstin anklavından kənarda təcili müalicəyə ehtiyacı var. O, həmçinin bildirib ki, anklavda gərginliyin artması zamanı Fələstin Qızıl Ayparasının 280 əməkdaşı həlak olub.
Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək 16 mindən çox insan İsrail atəşinin qurbanı olub. Ölənlər arasında 7 mindən çox uşaq və 5 minə yaxın qadın var. İtkin düşənlərin sayı 7,6 mini keçib, 42 mindən çox fələstinli yaralanıb.