Azərbaycan şagirdlərinin bilik səviyyəsi məlum oldu – Hesabat


Dünyanın müxtəlif ölkələrində oxuyan orta məktəb şagirdlərinin (15 yaşa kimi) bilik və bacarıq səviyyələrini ölçən ən nüfuzlü proqramlardan biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən PISA (The Programme for International Student Assessment) layihəsidir.
Yeniavaz.com
xəbər verir ki, dünən “PISA-2022” layihəsinin nəticələri açıqlanıb.
Məlumat üçün bildirək ki, bu proqram 3 ildən bir keçirilir və proqrama qatılan ölkələrdən 100 minlərlə şagird cəlb olunur.
Azərbaycan indiyə kimi bu proqramda 3 dəfə iştirak edib – 2006, 2009 və 2018-ci illərdə. 2006-cı ildə 64 ölkə arasında 54-cü, 2009-cu ildə isə 65 ölkə arasında 64-cü yerdə (sondan 2-ci) qərarlaşıb.
2012, 2015-ci illərdə proqramda iştirakdan imtina edən Azərbaycan nəhayət 2018-ci ildə yenidən bu proqrama qoşulub.
Qeyd edək ki, “PISA-2018” imtahanlarında 79 ölkədən 600 minədək şagird iştirak edib. Azərbaycandan ancaq Bakı şəhərində yerləşən məktəblər imtahanda iştirak ediblər. Oxudan (oxuyub-başa düşmə) topladığı bal nəticəsində Azərbaycan 79 ölkə arasında 70-ci, riyaziyyatdan topladığı bal nəticəsində Azərbaycan 79 ölkə arasında 58-ci, təbiət elmlərindən topladığı bal nəticəsində Azərbaycan 79 ölkə arasında 68-ci yerdə qərarlaşıb.
“PISA-2022” imtahanlarında isə 81 ölkədən 700 minə yaxın şagird iştirak edib.
Əvvəlki illərdə olduğu kimi “PISA-2022” imtahanlarında da Azərbaycandan ancaq Bakı şəhərində yerləşən məktəblər iştirak ediblər. Nəticədə Azərbaycanlı şagirdlər oxudan 365, riyaziyyatdan 397, təbiət elmlərindən 380 bal yığıblar.
OECD-nin orta göstəricisi oxumaq üzrə 476, riyaziyyat üzrə 473, təbiət elmlər üzrə isə 485 bal olub. Bu isə o deməkdir ki, Azərbayacan şagirdlərinin nəticələri orta göstəricidən aşağıdır.
Oxudan topladığı bal nəticəsində Azərbaycan 81 ölkə arasında 56-cı, riyaziyyatdan topladığı bal nəticəsində Azərbaycan 81 ölkə arasında 69-cu, təbiət elmlərindən topladığı bal nəticəsində Azərbaycan 81 ölkə arasında 68-ci yerdə qərarlaşıb.
Azərbaycanın iştirak etdiyi PISA imtahanlarındakı nəticələri:

Onu da bildirək ki, “PISA-2022” imtahanlarında iştirak edən Azərbaycanlı şagirdlər arasında qızlar oğlanlardan yüksək bal toplayıblar:

Müqayisə üçün qeyd edək ki, qonşu ölkələrdə Ermənistan və Rusiya PISA imtahınlarında iştirak etməyib. Gürcüstandan olan şagirdlər oxudan 374, riyaziyyatdan 390, təbiət elmlərindən 384 bal yığıblar. Türkiyə məktəbliləri isə oxudan 456, riyaziyyatdan 453, təbiət elmlərindən 476 bal toplayıblar.

Məlumat üçün onu da bildirək ki, “PISA-2022” imtahanlarında riyaziyyat üzrə ən yaxşı nəticəni Sinqapur (575 bal), Çin (552 bal), Honq Konq (540 bal), Yaponiya (536 bal) və Cənubi Koreya (527 bal) məktəbliləri göstərib. Riyaziyyat üzrə ən pis nəticə isə Kamboca (336 bal), Paraqvay (338 bal), Dominikan (339 bal), El Salvador (343 bal) və Qvatemala (344 bal) məxsus olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top