
Jurnalist Şəmistan Həziyev “Abzas Media” işi ilə bağlı Bakı Şəhər Baş Polis idarəsində şahid qismində dindirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, jurnalistlərə danışıb.
“Abzas Media” işi ilə bağlı şahid qismində dindirilməyə çağırılmışdım. Verilən suallara səmimi cavab verdim. İstintaq sirri olduğu üçün detalları deyə bilmirəm”, - jurnalist bildirib.
Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.
Günorta isə “Abzas Media”nın ofisində axtarış aparılıb.
Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.
Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb.
Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib.
Həmçinin ictimai fəal, “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov da saxlanılıb. O, da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Tətbiqimizi yükləyə bilərsiniz