
Noyabrın 23-də Dublində iğtişaşları qızışdırmaqda şübhəli bilinən “Ultimate Fighting Championship” (UFC) üzrə keçmiş çempion Konor Makqreqor İrlandiyada prezident seçkilərində iştirak edə bilər.
Yeniavaz.com xəbər verir ki, o özü bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində bəyan edib.
Makqreqor rəqibləri arasında 75 yaşlı Cerri Adams, 72 yaşlı Berti Axern və 72 yaşlı End Kenninin adlarını çəkib.
“Onların hər biri öz partiyasının siyasəti ilə ayrılmaz şəkildə bağlıdır”, - döyüşçü bildirib.
“Mənim isə 35 yaşım var. Mən gəncəm, aktivəm, işimə həvəsliyəm, oyuna yeni daxil olmuşam. Mənim heç bir partiyaya bağlılığım, qərəzliliyim və himayədarlığım yoxdur”, - deyə Makqreqor əlavə edib.
“Prezident kimi hakimiyyətdə mən yox, İrlandiya xalqı olacaq. Mən və sən olacağıq”, - deyə o, əmin edib.
Qeyd edək ki, hazırda İrlandiya polisi noyabrın sonunda Dublində baş vermiş iğtişaşları qızışdırmaqda şübhəli bilinən Makqreqor haqqında araşdırma aparır. KİV-in məlumatına görə, o, polisin iğtişaşlarla, həmçinin, bıçaqlı bir şəxsin məktəbli qızlara hücumu ilə bağlı başlatdığı üç araşdırmadan birində şübhəli bilinir.
Xatırladaq ki, noyabrın 23-də təxminən 20 il əvvəl ölkəyə gəldiyi güman edilən İrlandiya vətəndaşı 50 yaşlarında bir kişi Dublindəki katolik məktəbinin qarşısında bıçaqla 3 uşaq və bir qadına hücum edib. Hücumdan dərhal sonra sosial şəbəkələrdə cinayəti törədənin Əlcəzairli miqrant və ya sığınacaq axtaran şəxs olması barədə şayiələr yayılmağa başlayıb və hakimiyyətin immiqrasiya siyasətindən narazı olan ifrat sağçı fəallar Dublinin mərkəzinə toplaşmağa başlayıblar.
Etirazlar qısa bir vaxtda iğtişaşlara çevrilib və nəticədə, radikallar şəhər avtobuslarına və polis maşınlarına ziyan vurub, mağaza və restoranları talayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, iğtişaşlarda 500-ə yaxın adam iştirak edib, 34 nəfər isə saxlanılıb. Dəyən ziyan on milyonlarla avro dəyərində qiymətləndirilir.
Tətbiqimizi yükləyə bilərsiniz