
Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşiyə “Dövlət sirlər haqqında” qanunu pozduğuna görə yenidən ittiham irəli sürmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Məlumata görə, ittihamlar dekabrın 12-də dövlət sirri haqqında qanunun pozulmasına görə xüsusi təyinatlı məhkəmənin açıq iclasında elan olunacaq. Vəkillərin fikrincə, dövlət sirri haqqında qanunu pozmaqda təqsirli bilinənləri 14 ilə qədər həbs və ya hətta ölüm cəzası gözləyir. İmran Xan və Şah Mahmud Qureşi özlərini təqsirli bilməyiblər.
Xan və Qureşi bu cinayətdə ilk dəfə oktyabr ayında “Adiala” həbsxanasında xüsusi təyinatlı məhkəmənin qapalı iclasında ittiham edilib və bu zaman ittiham tərəfinin şahidləri dindirilib. Bununla belə, noyabrda Pakistanın Ali Məhkəməsi sabiq baş nazir və xarici işlər nazirinin həbsxanada olması ilə bağlı məhkəmə prosesinin qanunsuz və səhv olduğunu bəyan edib. Bununla bağlı məhkəmə iclası ləğv edilib və xüsusi təyinatlı məhkəmə ictimaiyyət nümayəndələrinin və jurnalistlərin iştirak edə biləcəyi açıq prosesdə təqsirləndirilən şəxslərə yenidən ittiham elan etməklə onu davam etdirib.
Xan və Qureşinin məhkəməsi Federal Təhqiqat Agentliyinin onlara qarşı “Xarici İşlər Nazirliyinin diplomatik şifrəsindən siyasi məqsədlər üçün istifadə etməklə” 1923-cü ildə qəbul edilmiş “Dövlət sirri haqqında qanun”u pozmaq ittihamına əsaslanır. İstintaq Xanın 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını açıq şəkildə elan etməsindən sonra başlayıb. Səfirin sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətdə 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Ukrayna ilə bağlı Rusiyayönlü mövqeyinə görə baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasını tövsiyə ediblər.
Xatırladaq ki, Xan korrupsiya iddialarına görə ona etimadsızlıq səsverməsindən sonra 2022-ci il aprelin 10-da hökumət başçısı vəzifəsindən kənarlaşdırılıb.