Rusiya telekanallarının Ermənistandakı taleyi müzakirə ediləcək


İrəvan və Moskva dekabrın ortalarında Rusiya telekanallarının Ermənistandakı fəaliyyətini müzakirə edəcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Armenpress” agentliyinə yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan məlumat verib.
“Yüksək Texnologiyalar Sənayesi Nazirliyi iki ölkənin müvafiq idarələri arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlığa dair əldə edilmiş razılaşmaların icrası ilə bağlı məsləhətləşmələrin aparılması xahişi ilə Rusiya tərəfinə rəsmi müraciət edib. Rusiya tərəfi dəvəti qəbul edib və dekabrın ortalarında Ermənistanla Rusiya arasında kütləvi telekommunikasiya sahəsində dövlətlərarası sazişin 4 və 5-ci bəndlərinin pozulması məsələsi, eləcə də, müqavilə üzrə əldə olunmuş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsləhətləşmələr planlaşdırılır”, - deyə o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan respublikada yayımlanan Rusiya telekanallarının müqavilənin müəyyən bəndlərini pozduğunu, İrəvanın vəziyyəti həll etmək üçün Moskva ilə məsləhətləşmələr apardığını bildirmişdi.
Digər tərəfdən, Ermənistan Xarici İşlər Nazirliyi oktyabrın 23-də Birinci Kanalda Ermənistan respublikasının yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatların səsləndirildiyi televiziya proqramının yayımlanması ilə əlaqədar Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin respublikanın xarici siyasət idarəsinə çağırıldığını bildirmişdi.
Xatırladaq ki, hazırda Ermənistanda ictimai multipleks vasitəsilə Rusiyanın Birinci Kanalı, “Mədəniyyət” və "RTR-Planet" kanalları yayımlanır. Ermənistanda həmçinin, mərkəzi ofisi Moskvada olan dövlətlərarası “Mir” telekanalı da yayımlanmaqda davam edir.

DİGƏR XƏBƏRLƏR

Top