Drezden Texniki Universiteti Qubad İbadoğlu ilə müqaviləni uzatdı


Almaniyanın Drezden şəhərində yerləşən ali təhsil müəssisəsi Drezden Texniki Universiteti (Technische Universität Dresden – TUD) professor Qubad İbadoğlu ilə müqaviləni daha 2 il uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun qardaşı Qalib Bayramov məlumat yayıb.
O bildirib ki, bununla da müqavilənin müddəti 3 illik olub.
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Q.İbadoğlunu iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan, lakin ofis kimi istifadə edilən mənzildə axtarış aparılıb və 20 min dollar pul tapıldığı bildirilib. Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir. Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Q.İbadoğlu həmin pulların oraya öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.
İstintaqın gedişində - avqustun 25-də ona CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsi ilə yeni ittiham verilib. İqtisadçı bu ittihamın da absurd olduğunu söyləyərək ifadə verməkdən imtina edib.
Noyabrın 16-da məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.

DİGƏR XƏBƏRLƏR

Top