Qardaşı Qubad İbadoğlunun vəziyyətinin ağırlaşdığını bildirir


Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlunun səhhətindəki problemlər daha da ağırlaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Turan”a onun qardaşı Qalib Bayramov noyabrın 30-da vəkillər istintaq təcridxanasında siyasətçiyə baş çəkdikdən sonra bildirib.
“Qanda şəkərin səviyyəsi normallaşmır, baxmayaraq ki, ona çox yüksək dozada insulin təyin edilib. Londondakı həkimlər də xəbərdarlıq etmişdilər ki, insulinin dozasının yüksək olması onda aritmiya yarada bilər. Hazırda elədir. Onun ürək döyüntüsü dəqiqədə 100-dən aşağı düşmür”, - o deyib.
O bildirib ki, vəziyyətin ağırlaşmasına baxmayaraq, İbadoğlunu müalicə müəssisəsinə köçürmürlər, həmçinin oktyabrın ortalarında aparılan müayinə və analizlərin nəticələrini də ona vermirlər.
“Bel ağrıları daha da şiddətlənib. Ona demişdilər ki, bu həftənin əvvəlindən fizioterapeya təyin edəcəklər. Ancaq elektroforez ilə kifayətləndilər ki, bu da kömək etmir”, - Bayramov sözlərinə davam edib.
Qubad İbadoğlunun vəziyyətilə bağlı Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, Q.İbadoğlunu iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan, lakin ofis kimi istifadə edilən mənzildə axtarış aparılıb və 20 min dollar pul tapıldığı bildirilib. Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir. Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Q.İbadoğlu həmin pulların oraya öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.
İstintaqın gedişində - avqustun 25-də ona CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsi ilə yeni ittiham verilib. İqtisadçı bu ittihamın da absurd olduğunu söyləyərək ifadə verməkdən imtina edib.
Noyabrın 16-da məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.

DİGƏR XƏBƏRLƏR

Top