
“Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Tərtər rayonunun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlunun ölümündə şübhəli məqamlar olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayılmışdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Süni ajiotaj yaratmaq məqsədilə ictimailəşdirilmiş həmin məlumatla bağlı bildirilir ki, Yaquar Hadıyevin ölümünə dair bütün təfərrüatlar hərtərəfli araşdırılmışdır.
Belə ki, cari il martın 9-da Tərtər rayonu, Çaylı kəndi ərazisində mina partlaması nəticəsində sol ayağının aşağı ətrafı travmatik amputasiya olunmuş Yaquar Hadıyev növbəti dəfə oktyabrın 6-da eyni ərazidə minaya düşərək həlak olmuşdur.
Hər iki halda Yaquar Hadıyev müvafiq icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə səfər edərkən qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış mina partlayışının qurbanı olmuşdur.
Prokurorluq orqanları tərəfindən aparılan araşdırma zamanı hadisə yerinə və Yaquar Hadıyevin meyitinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılmışdır.
Meyitə baxış zamanı mərhumun bədəni üzərində qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində ümumi sayı 5 ədəd olan xəsarətin əmələ gəlməsi müəyyən edilmişdir.
Qeyd olunan fatklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir”, - məlumatda deyilir.
***11:24
Xəbər verdiyimiz kimi, oktyabrın 6-da Daxili İşlər Nazirliyi Tərtər rayonunun Çaylı kəndi ərazisində Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlunun piyada əleyhinə minaya düşərək həlak olması barədə məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu iddia edir ki, Y. Hadıyevin ölümündə müəmmalı məqamlar ola bilər.
O bildirib ki, bu barədə mərhumun yaxınları ona məlumat veriblər.
“Yaquar Hadıyev əvvəllər Tərtərdə ordu sıralarında MAXE kimi xidmət göstərib, sonra isə xidmətdən uzaqlaşdırılıb və mal-qara otarmaqla məşğul olub. 3 azyaşlı övladı qalıb.
Bu ilin mart ayında minaya düşərək sol ayağını itirib, DİN-in yaydığı məlumatda isə bildirilir ki, oktyabrın 6-da təkrar minaya düşərək həlak olub. Amma yaxınları onun minaya düşməsinə şübhə etsələr də bu barədə harasa müraciət etməkdən çəkinirlər.
Bu da səbəbsiz deyil. Əvvələ, ona görə ki, Yaquar Hadıyevin nəşi yuyularkən onun bədənində tapılan yeganə xəsarət izi ürək nahiyəsindəki güllə yarasına bənzəyən kiçik dəlik olub. İkinci səbəb isə daha ciddidir.
Bu, Yaquar Hadıyevin telefonundan tapılmış və onun ölümündən öncə çəkdiyi bir neçə videogörüntüdür. Həmin görüntüləri çəkərkən mərhum çəkdiklərinin kimlər olduğunu öz səsi ilə izah edib”, - Ə. Oruclu bildirib.
Y. Hadıyevin lentə aldığı sözügedən kadrlarda bir qrup polis əməkdaşının fəaliyyəti əks olunur. Y. Hadıyev kadrları lentə alarkən iddia edib ki, görüntülərdəki şəxslər Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarıdır və onlar Suqavuşan kəndindəki nadir eksponatı talamaqla məşğuldurlar.
Ə. Oruclu bildirib ki, yaxınları Y. Hadıyevin lentə aldığı daha bir neçə bu tipli kadrları ona təqdim ediblər. Ekspert Baş Prokurorluğa müraciət edərək, məsələnin araşdırılmasını tələb edib.
İddialarla bağlı Daxili İşlər Nazirliyinin müvafiq şöbəsindən məlumat almaq mümkün olmayıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz