
“Mən sülh üçün hər şeyi edəcəyəm”.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin spikeri Alen Simonyan öz “Telegram” kanalında yazıb.
O, keçirdiyi brifinqdə “Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar” ifadəsinə yazılan şərhlərə münasibət bildirib. Spiker brifinqdə dediyi ifadələrə işarə edərək: “Aydındır ki, burada yeni heç nə deyilməyib. O da aydındır ki, iki qonşu dövlətin həyatda qalmasının ən yaxşı yolu sülh şəraitində yaşamaq və bir-biri ilə ticarət etməkdir. Uzun qanlı müharibələrdən sonra dinc həyatın çoxlu nümunələri var və bunun sadəcə olaraq alternativi yoxdur”, - deyə bildirib.
Simonyan sitatının sonunda isə bunları əlavə edib:
“Ancaq şərhlər tamamilə fərqli bir şey haqqında idi. Məzmunlu heç nə yox idi, yalnız təhqir və qəzəb. Azərbaycanlılarla yan-yana yaşamaq istəməyən bu insanların kim olduğunu anlamağa çalışdım və təəccüblü heç nə üzə çıxmadı.
Siyasətlə məşğul olanları bir kənara qoysaq, məlum oldu ki, onların əksəriyyəti Ermənistandan kənarda yaşayırlar və təbii ki, azərbaycanlılarla yanaşı yaşamaq istəmirlər, həmçinin dediklərimi qəbuledilməz hesab edirlər.
Amma düşünməyin ki, mən şikayət edirəm və ya özümdən çıxıram. Çünki aydındır ki, ictimai insan, siyasi xadim tənqid oluna bilər və olunmalıdır.
Əksinə, alışsınlar, qulaq assınlar, bilsinlər ki, mən hər şeyi edəcəyəm ki, sülh olsun və onlar, sakitcə, heç nədən qorxmadan ailələrini götürüb, nəhayət, Ermənistana qayıtsınlar”.