
Qondarma Qarabağ Müdafiə Ordusunun keçmiş “baş komandanı” Samvel Babayan 44 günlük müharibənin şəraitini araşdırmaq üçün Ermənistan parlamentinin istintaq komissiyasına dəvət olunub.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə Ermənistan Parlamentinin 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə istintaq komissiyasının üzvü Kristine Poqosyan bildirib.
Babayanın iştirakı ilə komissiyanın iclası noyabrın 29-da baş tutacaq.
Qeyd edək ki, ötən gün Ermənistan Parlamentinin 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə istintaq komissiyasının rəhbəri Andranik Köçəryan Babayanın komissiyaya baş çəkmək istədiyini bildirib.
Xatırladaq ki, komissiya yaradılandan sonra Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” onun işində müstəqil məsləhətçi kimi iştirak etməli idi. Hətta Babayan əvvəlcə bunun tərəfdarı idi, lakin qısa müddətdən sonra o heç bir səbəb göstərmədən komissiyanın işində iştirakdan imtina edib.