
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, əvvəlcə dövlət başçıları arasında qısa dialoq oldu.
Kasım-Jomart Tokayev: Mənimlə böyük nümayəndə heyəti gəlib.
İlham Əliyev: Bəli, doğrudur.
Kasım-Jomart Tokayev: Hökumət üzvləridir.
İlham Əliyev: Bütün qonaqların gəlişinə şadam. Bu, onu göstərir ki, gündəlik kifayət qədər genişdir.
Kasım-Jomart Tokayev: Azərbaycanla qarşılıqlı münasibətlər, əməkdaşlıq bizim üçün prioritetdir.
İlham Əliyev: Bizim üçün də belədir.
Qazaxıstan prezidentinə Bakıya səfərinə görə təşəkkür edən İlham Əliyev deyib:
“Kasım-Jomart Kemeleviç, bu tədbirdə iştirakınıza görə sağ olun. Hesab edirik ki, bu, həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyətimizin gələcəyi ilə bağlı məsələləri birlikdə müzakirə etmək üçün yaxşı fürsətdir.
İkitərəfli gündəliyə gəldikdə, Sizin də qeyd etdiyiniz kimi, nümayəndə heyətinin tərkibi özlüyündə bunun göstəricisidir. Mövzular çoxdur. Əməkdaşlığın bütün istiqamətləri üzrə maksimum səmərəli fəaliyyət mövcuddur. Biz, yaxşı dostlar, qardaşlar, tərəfdaşlarıq. Ona görə də son illər ölkələrimizin hökumət üzvləri arasında, şirkətlər arasında rəsmi səfərlər çərçivəsində bizim aramızdakı təmasların dinamikası əyani şəkildə görünür. Həqiqətən də biz, zənnimcə, ölkələrimizin müstəqil inkişafının bütün tarixində qarşılıqlı fəaliyyətimizin ən yüksək səviyyəsinə çatırıq. Bu, çox xoşdur. Birincisi, bu, məntiqi olaraq xalqlarımız arasında münasibətlərin ruhunu və xarakterini əks etdirir və zamanın hökmüdür. Biz bu gün Xəzər regionunda və daha geniş regionda bir çox sahələr üzrə səyləri birləşdirərək çox mühüm energetika və nəqliyyat layihələri həyata keçiririk. Əlbəttə, bunun əsası ondan ibarətdir ki, ölkələrimizin iqtisadi inkişafı çərçivəsində yaxşı təməl qoyulub.
Bu gün SPECA Proqramının 25 illiyinə yekun vurarkən, yəqin ki, hər bir ölkə bizim necə irəlilədiyimizi görə bilər. Sevindirici haldır ki, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə bu gün yeni məzmun əlavə edilir. Bu tədbirdə iştirak etmək üçün vaxt tapdığınıza görə Sizə çox minnətdaram. Son vaxtlar bizim təmaslarımız müntəzəm xarakter daşıyır. Biz artıq bu ay Qazaxıstanda görüşmüşük. Beləliklə, düşünürəm ki, növbəti ildə də təmasların dinamikası planlaşdırılacaq.
Növbəti ildə biz Sizi dövlət səfəri ilə gözləyirik. Düşünürəm ki, biz bu səfərə də yeni ideyalar və yeni nəticələrlə yaxşı hazırlaşacağıq. Bir daha xoş gəlmisiniz”.
Sonra Kasım-Jomart Tokayev çıxış edərək deyib:
“Təşəkkür edirəm. Möhtəşəm Bakı şəhərində olmaq mənim üçün çox xoşdur. Mən çıxışımda Bakını Xəzər regionunun incisi adlandırmaq istəyirəm. Burada heç bir mübaliğə yoxdur, çünki mən bir çox şəhərlərdə olmuşam. Prinsipial olaraq hesab edirəm ki, Bakı geniş beynəlxalq miqyasda ən gözəl şəhərlərdən biridir. Fürsətdən istifadə edərək, indi Azərbaycan ərazisində Sizi və bütün qardaş Azərbaycan xalqını əsrin tarixi hadisəsi – beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq ölkənin ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik etmək istərdim. Bu, Sizin güclü və nüfuzlu rəhbərliyiniz, dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmiş uzaqgörən müdrik siyasətiniz, xalqın rifahının yüksəldilməsi və beynəlxalq aləmdə ölkənizin nüfuzunun artırılması sayəsində mümkün olub. Zənnimcə, bu, həqiqətən tarixi hadisədir və özünü Azərbaycana münasibətdə qardaş, dost hesab edən ölkələrin hamısı buna sevinib.
Sizinlə razıyam ki, ölkələrimiz arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir, yeni layihələr ortaya çıxır. Bizim bir-birimizə heç bir sualımız yoxdur. Biz həqiqi strateji tərəfdaşlar, Xəzər dənizi ilə faktiki qonşularıq. Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə dair birgə Bəyannamənin qəbul edilməsi, həmçinin Ali Dövlətlərarası Şuranın təsis olunması da tarixi hadisədir. Qeyd etdiyim kimi, bu fürsətdən istifadə edərək mən Bakıya faktiki olaraq tam formatda nümayəndə heyəti ilə gəlməyi qərara aldım. Çünki hesab edirəm ki, Azərbaycanda bugünkü görüşlərdə danışıqlar mahiyyətcə çox zəngin olacaq”.


Tətbiqimizi yükləyə bilərsiniz