
Fələstinin Həmas hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, münaqişə tərəfləri arasında Fələstin anklavında 4 günlük atəşkəs haqqında razılaşma yerli vaxtla saat 07:00-dan (Bakı vaxtı ilə 09:00) qüvvəyə minib.
“Times of Israel” qəzeti də Qətərin vasitəçiliyi ilə Qəzza zolağında İsrail və Həmas arasında 4 günlük humanitar atəşkəsin Bakı vaxtı ilə saat 09:00-da qüvvəyə mindiyini bildirib.
Qəzet qeyd edir ki, müvəqqəti atəşkəsə bir neçə saat qalmış İsrail ordusunun mətbuat xidməti iki dəfə Fələstin anklavı ilə həmsərhəd ərazilərdə sirenlərin işə düşdüyünü bildirib.
Tərəflərin bəyanatları
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib ki, İsrail əsgərləri anklavda saxlanılan bəzi girovların azad edilməsinə dair razılaşmada nəzərdə tutulan hərbi əməliyyatlara fasilə müddətində Qəzza zolağı daxilində mövqelərində qalacaqlar. Onun sözlərinə görə, İsrail ordusu fasilədən əməliyyatın növbəti mərhələlərini planlaşdırmaq üçün istifadə etmək niyyətindədir.
Öz növbəsində, “İslami Cihad” təşkilatının rəhbərliyinin üzvü Əli Əbu Şahin qeyd edib ki, qrup döyüş hazırlığı vəziyyətini saxlamaq və İsrailin Qəzza zolağında atəşkəs şərtlərinə nə dərəcədə əməl etməsini izləmək niyyətindədir. Onun sözlərinə görə, atəşkəsin uzadılması və ya yeni humanitar fasilələrlə bağlı razılıqların əldə edilməsi İsrail tərəfinin gələcəkdə özünü necə aparmasından asılı olacaq.