
Son günlər dünyanın bir çox şəhərlərində İsrailin Qəzzaya hücumlarına etiraz edənlər küçə və meydanlarda nümayişlər keçirir, atəşkəs çağırışları səsləndirirlər. Bu nümayişlərdə etirazçılar Fələstin bayraqları və plakatları ilə yüksək səslə sülh tələblərini ifadə edirlər. Həmin plakatların bəzilərindəki qarpız dilimi fiqurları da diqqətdən yayınmır. Bəs nə üçün qarpız dilimi? Bu fiqurlar nəyi ifadə edir? Elə isə qarpız diliminin fələstinlilər üçün nə ifadə etdiyinə daha yaxından nəzər salaq...
Fələstin bayrağı 1967-ci ildə müharibədən sonra Qəzzada və İordan çayının qərb sahilində qadağan edildi. Fələstin bayrağını daşıyan və ya asanlar bir-bir həbs olundular. Ancaq bu qadağa Fələstinin mübarizəsinə mane olmadı. Fələstin bayrağının rənglərini özündə birləşdirən qarpız dilimi də məhz bu məqamda ortaya çıxdı.
Fələstinlilər bayraqları qadağan edildikdən sonra bayraq əvəzinə qarpız dilimləri daşımağa başladılar. Beləliklə, qırmızı, qara, ağ və yaşıl rənglərin birləşməsindən ibarət olan qarpız dilimi Fələstinin müqavimət simvoluna çevrildi.
Qarpız dilimi Fələstin xalqına qarşı edilən hər zülmdə yeni bir aktuallıq qazandı. Çünki Fələstin bayrağına qoyulan qadağa nə az, nə çox 26 il davam etdi.
1993-cü ildə Fələstin Azadlıq Təşkilatı (FAT) və İsrail arasında imzalanan Oslo razılaşması ilə bayraq Fələstinin simvolu olaraq qəbul edildi. Beləliklə, bayrağa qoyulan qadağa da aradan qaldırıldı. Qəzzada və İordan çayının qərb sahilində Fələstin bayrağından istifadə olunmağa başlandı.
Fələstin müqavimətinin simvolu olan qarpız dilimi İsrailin 7 oktyabrdan bəri davam edən hücumları ilə yenidən gündəmə gəldi. ABŞ və Avropa başda olmaqla bir çox ölkədə müxtəlif şəhərlərdə keçirilən etiraz aksiyalarında və yürüşlərdə Fələstin bayrağı ilə yanaşı qarpız dilimi simvolundan da istifadə edildi.
Bu isə onu göstərir ki, İsrailin Fələstin bayrağına qadağası ilə ortaya çıxan qarpız dilimi fələstinlilərin simvolu olaraq bu gün də qalmaqda davam edir.





