
Azərbaycanda da kifayət qədər populyar olan Türkiyənin məşhur “Yargı” serialı beynəlxalq Emmi mükafatına layiq görülüb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Nyu-Yorkdakı “Hilton Midtown” otelində keçirilən mərasimdə 20 ölkədən 14 kateqoriyada 56 film təmsil olunub.
Mərasimdə “Ən yaxşı telenovella” nominasiyasında mükafatı “Ay Yapım” istehsalı olan Türkiyənin məşhur “Yargı” serialı qazanıb.
Mərasimdə serialın prodüseri Kərəm Çatay, rejissoru Əli Bilgin, ssenari müəllifi Səma Ergenekon, aparıcı aktyorlar Pınar Dəniz və Kaan Urgancıoğlu iştirak ediblər.
Sənədli film kateqoriyasında isə Kanadanın hindu mənşəli müğənnisi Baffi Sent-Mari haqqında çəkilən eyniadlı sənədli film Emmi mükafatı alıb. Müğənninin 60 ildən çox davam edən karyerasını araşdıran bu filmi kanadalı rejissor Medison Tomas ərsəyə gətirib.
Rejissorluq üzrə mükafat isə “Balaji Telefilms” şirkətinin həmtəsisçisi hindistanlı rejissor Ekta R. Kapura təqdim olunub. Mükafatı rejissora həmvətənlisi Dipak Çopra təqdim edib.
Qeyd edək ki, Emmi mükafatı ABŞ-nin Beynəlxalq Televiziya İncəsənət və Elmlər Akademiyası (IATAS) tərəfindən ölkə daxilində və xaricində istehsal olunan ekran işlərinə verilir.