
Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və Aİ-nin Ermənistandakı diplomatik missiyasının rəhbəri Vasilis Maraqos Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edən Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında saziş imzalayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “Armenpress” agentliyi məlumat yayıb.
“Bu gün imzaladığımız status sazişi missiyanın ölkədə mövcudluğunun müxtəlif hüquq və vəzifələrinin tənzimlənməsinə kömək edəcək”, - deyə Maraqos bildirib.
Missiyanın genişləndirilməsinə gəlincə, Maraqosun sözlərinə görə, bu məsələ bir neçə gün əvvəl Brüsseldə həll olunub, Aİ xarici işlər nazirləri Aİ-nin Ermənistandakı müşahidəçi missiyasının genişləndirilməsi təklifini bəyəniblər.
Avropa İttifaqının mülki missiyası Ermənistanda 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfində patrulluq edirlər.