
"Real Madrid" rəhbərliyi beynəlxalq oyunların təqviminin gərgin olmasından və bununla bağlı futbolçuların aldığı zədələrin sayının artmasından narazıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Xavyer Birlanqa öz “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Belə ki, İspaniya klubu beynəlxalq fasilə zamanı futbolçuların aldığı zədələrin sayından narazılığını ifadə edib və beynəlxalq oyunların təqviminin gərginliyini əsas gətirərək, futbolçuların zədələnməsində Beynəlxalq Futbol Federasiyasını (FIFA), Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA), həmçinin, La Liqa və İspaniya Kral Futbol Federasiyasını (RFEF) günahlandırıb.
Qeyd edək ki, Madrid klubu beynəlxalq fasilə zamanı iki oyunçusunu itirib. Hücumçu Vinisius Junior fevral ayına qədər, yarımmüdafiəçi Eduardo Kamavinqa isə təxminən on həftə meydana çıxa bilməyəcək. Zədəlilər siyahısında isə ümumilikdə 8 futbolçu var.
Xatırladaq ki, hazırda Avro-2024 və DÇ-2026-nın seçmə turnirləri davam edir.