De Byazi azərbaycanlı jurnalistləri təhqir edib: “Belə axmaqlara rast gəlməmişəm”


Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Belçikaya 0:5 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərlə kəskin toqquşub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Belçikanın “Nieuwsblad” nəşri məlumat yayıb.
Belə ki, oyundan sonra keçirilən mətbuat konfransında De Byazi daha yaxşı komandaya uduzduqlarını bildirib və ikinci hissədə komandasının yaxşı çıxış etdiyini qeyd edib.
Nəşr yazır ki, sonra Azərbaycandan olan bir jurnalist ayağa qalxıb və nəyin səhv getdiyini izah etməyə başlayıb.
“Bu zaman Byazi qızarmağa və mübahisə etməyə başladı, bu mübahisə tərcüməçinin izləyə bilmədiyi bir mübahisə idi. Sonra başqa bir jurnalist De Byazidən nə vaxtsa Azərbaycanı tərk etsə, jurnalistlər üçün darıxıb-darıxmayacağını soruşub. İtalyan məşqçi bu zaman özündən çıxıb. “Əlbəttə yox, mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrari komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”, - deyə reaksiya verib. O, açıq şəkildə tərcüməçidən bunu tərcümə etməyi xahiş edib ki, belçikalı jurnalistlər başa düşsünlər”, - nəşr yazıb.
Qeyd olunub ki, De Byazi mətbuat konfransını yarıda qoyub və çölə çıxıb.
Yerli KİV-də AFFA baş katibi Sərxan Hacıyevin 67 yaşlı mütəxəssisin fikirlərinə görə mətbuat nümayəndələrindən üzr istədiyi yazılıb.

DİGƏR XƏBƏRLƏR

Top