
ABŞ-nin keçmiş birinci xanımı Rozalin Karter 96 yaşında vəfat edib.
Yeniavaz.com “ABC” telekanalına istinadla xəbər verir ki, bu barədə “Karter Mərkəzi”nin saytında dərc edilmiş bəyanatda bildirilib.Bəyanata görə, 1977-1981-ci illərdə hökumətin ən yüksək vəzifəsini tutan 99 yaşlı keçmiş ABŞ Prezidenti Cimmi Karterin həyat yoldaşı bazar günü vəfat edib. Rozalin Karter Corciya ştatının Pleyns şəhərindəki evində dünyasını dəyişib.
“Rozalin uğur qazandığım hər işdə mənim tərəfdaşım idi. O, mənə həmişə ehtiyacım olanda dəstək olurdu. Rozalin həyatda olanda, mən həmişə bilirdim ki, kimsə məni sevir və dəstəkləyir”, - Cimmi Karter bildirib.
Qeyd edək ki, bundan əvvəl “Karter Mərkəzi” Rozalinə demensiya diaqnozu qoyulduğunu bəyan edib.
Digər tərəfdən, “Karter Mərkəzi” fevral ayında özü də ağır xəstəlikdən əziyyət çəkən Cimmi Karterin klinikada müalicəsini davam etdirmək əvəzinə evdə hospis xidməti almağa və qalan günlərini ailəsi ilə birlikdı keçirməyə qərar verdiyini bildirib. Belə ki, 2015-ci ildə ona qaraciyərinə və beyninə yayılmış bədxassəli şiş olan melanoma diaqnozu qoyulub.
“ABC” telekanalının xəbər verdiyinə görə, Karterlər ailəsi tarixin ən uzunömürlü prezident cütlüyü idi. Onlar 1946-cı ildə evlənmişdilər.
Tətbiqimizi yükləyə bilərsiniz