ABŞ-də prezident seçkilərində Donald Trampın mümkün qələbəsi 2024-cü il üçün ən böyük təhlükədir.
Yeniavaz.com xəbər verir ki, bunu Britaniyanın “The Economist” nəşri yazıb.
Yazıda qeyd olunur ki, Amerikada demokratlar uzun müddətdir ki, geniş miqyasda elektorat itirirlər.
“Bu baxımdan, növbəti 12 ay ərzində hər iki namizədin səhv addım atması yarışın nəticəsini müəyyən edə bilər və bununla da, dünyada balanslar alt-üst ola bilər. Trampın seçkilərdəki mümkün qələbəsi dünya parlamentlərini və iclas salonlarını ümidsizliklə dolduracaq”, - nəşr yazıb.
Bildirilir ki, keçmiş Amerika lideri ikinci prezidentlik dövründə ABŞ məhkəmələri və Ədliyyə Nazirliyi də daxil olmaqla yolunu kəsən istənilən qurumla müharibə aparmaq niyyətində olacaq.
Qeyd edək ki, Miçiqan məhkəməsi Trampın 2021-ci ildə ABŞ Konqres Binasına hücumda oynadığı rola baxmayaraq, 2024-cü ildə prezidentliyə namizədləyinə icazə verib.
Digər tərəfdən, “The New York Times” da ABŞ seçiciləri arasında Trampa dəstəyin artdığını bildirib. Xüsusilə, o, ən mühüm altı ştatdan beşində - Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniyada seçici dəstəyinə görə indiki dövlət başçısı Co Baydeni qabaqlayıb.