“Biz razılaşmasaq, üçüncü tərəflər peyda olub öz maraqlarını güdəcəklər” – Simonyan


“Ümid edək ki, sülh müqaviləsi imzalanacaq. Amma tarix əsas deyil, əsas odur ki, işə yarayacaq, ölkəmizə, bölgəmizə sülh gətirəcək bir şey imzalayaq”.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bunu bu gün Ermənistan Parlamentinin sədri Alen Simonyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Simonyan Baş nazir Nikol Paşinyanın bugünkü bəyanatına istinad edərək, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının bir-birinə etimadsızlıq olduğu üçün ləngidiyini bildirib.
“Ardıcıl 30 ildir ki, biz bütün platformalarda, bütün yollarla bir-birimizi vurmuşuq. Bu dövrdə ölkələr arasında inamsızlığın yaranması təbiidir. Hesab edirəm ki, biz də, Azərbaycan da cəmiyyətlərimizi hazırlamalıyıq”, - spiker bildirib.
Sülh müqaviləsinin nə vaxt imzalanacağı ilə bağlı suala isə parlament sədri belə cavab verib:
“Konkret tarixlər müzakirə edilmir. Keçən il danışmışdıq ki, ilin sonuna kimi imzalanacaq, amma imzalanmadı. Şans azdır, lakin arzu olunsa, bu ilin sonunda sülh müqaviləsinin imzalanması ehtimalı var. Kimin himayəsi altında olacağı müzakirə olunmur. Kim gəlsə, öz maraqlarını gətirəcək. Həm biz, həm də Azərbaycan tərəfi başa düşməliyik ki, biz bir-birimizlə razılaşmasaq, üçüncü tərəf peyda olacaq və öz maraqlarına sərmayə qoyacaq”.

DİGƏR XƏBƏRLƏR

Top