
İraqın “Al Rabiaa” telekanalı dünən axşam səkkiz ay əvvəl Bağdadda oğurlanmış Rusiya və İsrail vətəndaşı, tədqiqatçı Yelizaveta Tsurkovanın videosunu yayımlayıb.
Yeniavaz.com xəbər verir ki, dörd dəqiqədən bir qədər çox davam edən videoda Tsurkova ivrit dilində danışır. Videonun əvvəlində o, özünü təqdim edir və yaşını bildirir.
Daha sonra “Al Rabiaa”ya görə, qadın Suriyada İsrail ilə Suriya Respublikası arasında əlaqələr qurmaq üçün İsrail kəşfiyyat agentliyi “Mossad” və Amerikanın CIA (Mərkəzi Kəşfiyyat İdarəsi – red.) işlədiyini deyir. İraqda o, şiə qrupları arasında daxili parçalanmaları artırmaq üçün nəzərdə tutulan etirazları koordinasiya edib.
“Al Rabiaa” kanalı videonun haradan gəldiyini dəqiqləşdirməyib. AFP və “Reuters” videonun həqiqiliyini və onun harada çəkildiyini müəyyən edə bilməyib.
İsrail hökuməti Yelizaveta Tsurkovanın 2023-cü ilin iyulunda qaçırıldığını bildirib. Açıqlamada Tsurkovanın doktorluq dissertasiyası üzərində işləmək üçün Rusiya pasportu ilə İraqa getdiyi, bir neçə ay əvvəl yoxa çıxdığı, həmçinin şiə “Kətaib Hizbullah” qruplaşmasının nəzarətində olduğu bildirilib.
Yaxın Şərq nəşri “The Cradle” Livandakı rəsmi mənbələrə istinadən yazıb ki, Tsurkova mart ayında oğurlanıb. Nəşrin yazdığına görə, Tsurkova 2006-cı ildə Livanın cənubunda “Hizbullah”a qarşı müharibə zamanı İsrail kəşfiyyatında xidmət edib.
Yelizaveta Tsurkovanın şəxsi saytındakı CV-yə əsasən, o, Vaşinqtonda “Newlines” Strategiya və Siyasət İnstitutunda, eləcə də Qüdsdə Regional Düşüncə Forumu üçün “İsrail-Fələstin beyin mərkəzi”nin tədqiqatçısı kimi çalışıb. O, eyni zamanda ABŞ-ın Prinston Universitetinin Siyasət Departamentində doktorantdır.
Tsurkova oğurlanmasından əvvəl, 21 mart 2023-cü il tarixli son tvitində Suriyanın şimal-qərbində etiraz aksiyası keçirən Kürdüstan tərəfdarlarının videosunu yerləşdirib.
Tətbiqimizi yükləyə bilərsiniz