“Aİ-95”in idxal dəyəri 8% aşağı düşüb – YDM-lərdə qiymət niyə ucuzlaşmır?


Bu ilin ilk 9 ayı ərzində xarici ölkələrdən Azərbaycana 63 min 684 ton “Aİ-95” markalı benzin idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan benzinin gömrük dəyəri 60 milyon 306 min dollar olub. 1 ton benzinin 1 310 litr olduğunu nəzərə alsaq, o zaman ölkəyə gətirilən benzinin 1 litrinin gömrük dəyəri 72 sent və ya mövcud məzənnə (1 dollar/1,7 azn) ilə hesablandığı zaman 1,22 manata bərabər olur.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə idxal olunan “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 78 sent və ya 1,33 manat olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, idxal olunan “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri son bir ildə 8,3% aşağı düşüb.
Onu da qeyd edək ki, ötən illə müqayisədə xaricdən gətirilən “Aİ-95” markalı benzinin gömrük dəyəri aşağı düşsə də, daxili bazarda satılan benzinin qiymətində heç bir dəyişiklik olmayıb. Ötən il olduğu kimi, bu il də yanacaq doldurma məntəqələrində (YDM) “Aİ-95” markalı benzinin 1 litri 2 manata satılır.
Xatırladaq ki, ötən ilin iyul ayında ölkədə “Aİ-95” markalı benzinin qiyməti artırılan zaman buna səbəb kimi məhsulun idxal dəyərinin artması göstərilib.
Lakin, maraqlıdır ki, bu il məhsulun idxal dəyəri aşağı düşsə də YDM-lərdə satış qiyməti aşağı salınmır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top