
Amerikanın “Center for Constitutional Rights” insan hüquqları təşkilatı ABŞ Prezidenti Co Bayden administrasiyasını Qəzza zolağında fələstinlilərin soyqırımında ittiham edərək, federal məhkəmədə iddia qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında dərc edilən bəyanatında məlumat verilib.
Bəyanatda İsrail hökumətinin ABŞ-nin qeyd-şərtsiz dəstəyi ilə Qəzza zolağında Fələstin xalqına qarşı soyqırım törətdiyi bildirilib.
“Oktyabrın 7-dən İsrail hökuməti Qəzza zolağında ən azı 11 min 100 fələstinlini, o cümlədən 4 min 600-dən çox uşağı qətlə yetirib, 28 mindən çox insan isə yaralanıb. Həmçinin, İsrail tərəfindən ağ fosforun istifadəsinə dair sübutlar da müəyyın edilib”, - bəyanatda qeyd edilib.
Bəyanata görə, ABŞ soyqırımın qarşısını almaq üçün qanuni öhdəliklərini yerinə yetirmir və Prezident Bayden və digər yüksək vəzifəli məmurlar Fələstin xalqının İsrail tərəfindən soyqırımına fəal şəkildə kömək edir.
“Prezident Bayden, dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin nəinki soyqırımın qarşısını almaq üçün öz təsir imkanlarından istifadə etmirlər, hətta İsrail hökumətinin hərəkətlərini birmənalı dəstəklədiklərini dəfələrlə ifadə edirlər”, - bəyanatda bildirilib.