Bu gün Ər-Riyadda Ərəb-İslam birgə sammiti başlayır


Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Ərəb Dövlətləri Liqası (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə birgə sammitini keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində dərc edilən bəyanatında məlumat verilib.
“Qəzza zolağında baş verən müstəsna halları nəzərə alaraq, Səudiyyə Ərəbistanı Krallığı, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı arasında aparılan məsləhətləşmələrdən sonra 11 noyabr 2023-cü il şənbə günü Ər-Riyadda fövqəladə ərəb-islam sammitinin keçirilməsi qərara alınıb”, - bəyanatda bildirilib.
Əvvəlcə şənbə günü Ərəb Liqası Şurasının fövqəladə iclasının, bazar günü isə İƏT-in növbədənkənar sammitinin keçiriləcəyi gözlənilirdi. Ancaq sonra onların birləşdirilməsi qərara alındı. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatına görə, iki iclası birləşdirmək qərarı onunla bağlıdır ki, bütün ölkələrin liderləri Qəzza zolağında və Fələstin ərazilərində müşahidə olunan görünməmiş hadisələr, onlara qarşı durmaq və nəticələrinin qarşısını almaq üçün səyləri birləşdirməyin və təhlükəli vəziyyətlə bağlı ortaq ərəb və islam iradəsini ifadə edən kollektiv mövqe inkişaf etdirməyin vacibliyini dərk edirlər.
Ərəb Dövlətləri Liqası Şurasının fövqəladə iclasının ən yüksək səviyyədə keçirilməsi təşəbbüsü Səudiyyə Ərəbistanı rəhbərliyinə və Fələstin Prezidenti Mahmud Abbasa məxsusdur.
Qeyd edək ki, cümə günü təşkilata üzv ölkələrin xarici işlər nazirləri Ər-Riyadda hazırlıq iclası keçiriblər. Nəticədə Ərəb Liqası Şurasının qətnaməsi üçün əsas götürülməsi gözlənilən bəyanat qəbul edilib. Sənəddə İsrail ordusunun Qəzza zolağında və İordan çayının qərb sahilində törətdiyi hərbi cinayətlərə dair sübutları sənədləşdirmək və beynəlxalq cinayət məhkəmələri orqanlarına təqdim etmək nəzərdə tutulur. 

DİGƏR XƏBƏRLƏR

Top