
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elxan Əliyevin səhhətində ciddi problemlər yarandığı bildirilir.
Yeniavaz.com Turan.az-a istinadla xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər. Ailə üzvləri Elxan Əliyevlə görüşdən sonra bildiriblər ki, bir neçə gün əvvəl infarkt keçirdikdən sonra Elxan Əliyevin səhhəti daha da ağırlaşıb.
“Elxanın gözlərində qan damarları partlayıb, gözləri qan içindədir. Həkimlər müayinə edərkən kürəyində göyümtül ləkələr aşkar ediblər. Elxan Əliyev deyib ki, döş qəfəsində yanma və göynəmə hissi var”, - deyə AXCP Elxan Əliyevin ailə üzvlərinə istinadən məlumat yayıb.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov hesab edir ki, Əliyevin həyatı tam təhlükə altındadır.
“Elxan bəyi həbsinədək insult vurmuşdu. Sağlamlığı belə ağır vəziyyətdə olan günahsız insanı həbs edib, kamera şəraitində saxlayırlar. Penitensiar Xidmətin rəhbərliyindən Elxan Əliyevin müalicə müəssisəinə köçürülməsini, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicəinin təşkil edilməsini xahiş edirəm”, - deyə o qeyd edib.
Hüquq müdafiəçisi Elxan Əliyevin ailəsinin sosial vəziyyətinin də ağır olduğunu bildirib.
“Onun ailəsi üç uşaqla ağır maddi sıxıntılar içərisində kirayədə yaşayır”, - deyə Səfərov qeyd edib.
Penitensiar Xidmətdən Elxan Əliyevin sağlamlıq vəziyyəti ilə bağlı məlumat almaq hələ mümkün olmayıb.
Qeyd edək ki, iyulun 27-də AXCP fəalı Elxan Əliyev barəsində Sabunçu rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında üç aylıq həbs-qətimkan tədbiri seçib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Elxan Əliyev, Yusif Əliyev və Vəfadar Axundov vətəndaşın etibarından sui istifadə edərək torpaq sahələrini saxta sənədlər əsasında satıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz