“Qəzzaya hər gün ən azı 150 yük maşınının gəlməsini hədəfləyirik” – Ağ Ev


“Hər gün Qəzza zolağına humanitar yardım daşıyan yüzə yaxın yük maşını gəlir və yaxın gələcəkdə onların sayı 150-yə çatacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə deyib.
“İki gün əvvəl (Qəzza zolağına) 96 yük maşını girdi, dünən isə 106 idi. Daha çoxuna ehtiyacımız var. Tezliklə daha çox görməliyik. Gündə ən azı 150 yük maşınının davamlı gəlməsini hədəfləyirik, bu, qarşıya qoyduğumuz məqsəddir”, - Kirbi bildirib.
Ağ Ev rəsmisi insanların Qəzzanın şimalındakı döyüş bölgələrini tərk etmələrinə imkan verəcək humanitar dəhlizlər haqqında da danışıb. O bildirib ki, ilk belə dəhliz son bir neçə gün ərzində hər gün 4-5 saat açıq olub və artıq minlərlə insanın daha təhlükəsiz ərazilərə çatmasına imkan verib:
“Sahil yolu boyunca ikinci marşrut əlavə minlərlə insanın (Qəzza zolağının) cənubunda daha təhlükəsiz ərazilərə çatmasına imkan verəcək”.
Qeyd edək ki, İsrail tərəfi bu gündən – noyabrın 9-dan etibarən Qəzzanın bir neçə bölgəsində hər gün dörd saatlıq humanitar fasilələr keçirəcəyini və bu müddət ərzində heç bir döyüşün olmayacağını bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top