
Qarabağ Dirçəliş Fondu “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabın yazılması üçün “Media Prima Advertising” şirkətinə 1 milyon 178 min 672 manat vəsait ayrılması məsələsinin sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməsindən sonra məsələ ilə bağlı məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, məlumatda, bu layihənin təkcə kitab yazılması deyil, həm də xüsusi internet platformasının yaradılması, kitabın müxtəlif çap və rəqəmsal formatlarda nəşri, Azərbaycanda və xaricdə təqdimatı və yayılması və s. istiqamətlər üzrə işləri əhatə etdiyi bildirilir:
“Xüsusilə, layihəyə aşağıdakı komponentlər daxildir:
Arxivlərdə müvafiq araşdırmaların aparılması və Azərbaycanda və xaricdə 50-dən çox müsahibənin aparılması;
Kitabın ingilis dilində yazılması;
Kitabın Azərbaycan, türk və rus dillərinə tərcüməsi;
Kitabın 6000 ədəddən çox sayda xüsusi hədiyyəli sərt üzlü (VIP), standart sərt və yumşaq üz qabığı formatlarında nəşri;
Kitabın elektron versiyasının PDF, EPUB, MOBI, KINDLE formatlarında nəşri;
Arxiv sənədlərinin, müsahibələrin videoyazılarının, interaktiv xəritələrin və digər rəqəmsal məzmunun mövcud olacağı, linklər, QR kodlar, heşteqlər, daxil edilmiş məzmunlar vasitəsilə kitabın elektron və çap nəşrləri ilə əlaqələndiriləcək internet platformasının yaradılması;
Bakıda və xaricdə kitab təqdimatlarının keçirilməsi;
Sosial şəbəkələrdə və axtarış xidmətlərində genişmiqyaslı kampaniyanın aparılması”.
Qeyd olunub ki, layihənin təşəbbüskarı və müəllifi Azərbaycan və Ermənistan-Azərbaycan münaqişəsi həqiqətləri ilə yaxından tanış olan britaniyalı müəllif Qrem Vilsondur:
“Kitabın yaradılması üzrə işlərə başlamaq üçün bu kompleks layihənin təşəbbüskarı və müəllifi kimi çıxış edən Q.Vilsonun rəhbərlik etdiyi “Media Prima Advertising” şirkəti ilə müqavilə bağlanmışdır. Müqavilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq, xidmətlərin göstərilməsinin bir mənbə üsulu ilə bağlanıb (kitabın yazılması və yayılması üzrə təcili zərurəti və bu layihə üzrə müəllif hüquqlarının Media Prima şirkətinə məxsus olduğunu nəzərə alaraq).
“Media Prima Advertising” şirkəti başqa ölkənin rezidenti olduğu üçün müqavilənin yuxarıda göstərilən işlərdən əlavə, müqavilənin dəyərinə (1.178.672,00 AZN) əlavə dəyər vergisi (18%) və ödəmə mənbəyindən tutulan vergi (10%) daxildir”.
***13:35
“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabın yazılması üçün 1 milyon 178 min 672 manat vəsait ayırıb.
Yeniavaz.com xəbər verir ki, işin görülməsi “Media Prima Advertising” şirkətinə həvalə olunub.
Qeyd edək ki, sözügedən şirkət Azərbaycanda qeydiyyata alınmayıb. Şirkətin hansı ölkədə qeydiyyata alınması və digər detallar barədə əlavə məlumat verilməyib.
Elnur Əli